Ermənilərin başına pul qoyduğu snayper

Snayper İsmail Şimşek düşmənə ilk atəşini Şuşada Üçmıx adlanan ərazidə açır: “Bizim mövqelərimiz düşməninkindən hündürdə olmasına baxmayaraq, ermənilər bir ay ərzində Şuşada 6 uşağı yaralamışdılar, 4-ü ölmüşdü. Martın 28-də batalyon komandiri göstəriş verdi ki, gedin görün, bu nə məsələdir? Rəhmətlik Qorxmaz dayı ilə birlikdə əraziyə getdik. Güllənin atıldığı səmti göstərdi. Binoklla ərazinin hər yerini diqqətlə nəzərdən keçirdim. Orada üzümlük vardı. Ən hündür yeri 1 metr olardı. Hər yer tərtəmiz idi, qayalıq, daşlıq da yox idi ki, diqqətimi cəlb etsin. Əsgər yoldaşlarıma dedim ki, papaq qaldırın, qoy atəş açsınlar, onda mövqelərinin yerini müəyyənləşdirim. Döyüşçülərimiz qayanın arxasından hərbi forma, papaq göstərsələr də, ermənilər bircə dəfə də olsa, atəş açmadılar. 3 saat fasiləsiz müşahidə apardım”.